
Facebook yüksəlişə keçir?
Mark Zukerberq, Facebook-u əvvəlki gücünə qaytarmağı hədəfləyir.
Facebook, sosial medianın ilk böyük nəhənglərindən biri kimi illərlə rəqəmsal dünyaya istiqamət verib. Lakin son illərdə platforma, xüsusilə gənc istifadəçilər arasında populyarlığını tədricən itirib. Meta-nın CEO-su Mark Zukerberq bu vəziyyəti dəyişdirmək və Facebook-u yenidən ön plana çıxarmaq üçün 2025-ci ili kritik bir il kimi görür. Mark Zukerberq rüblük hesabat zamanı verdiyi açıqlamada, hələ də aylıq 3 milyard aktiv istifadəçiyə sahib olan platformanın mədəni və sosial baxımdan daha güclü mövqeyə gətirilməsi üçün ciddi investisiyalar edəcəklərini bildirib. O, bu transformasiya prosesində maliyyə itkilərini belə gözə ala biləcəklərini vurğulayıb.

Facebook-un əvvəlki parlaq günlərinə qayıtması asan olmayacaq. İstifadəçi vərdişlərinin dəyişməsi, rəqib platformaların yüksəlişi və gənc nəslin fərqli məzmun formatlarına üstünlük verməsi Meta-nın qarşısında duran ən böyük çətinliklər arasındadır. Buna görə də şirkət təkcə Facebook-u deyil, həm də Messenger-i yeni funksiyalarla gücləndirərək istifadəçi təcrübəsini yaxşılaşdırmağa fokuslanır.
Messenger-ə süni intellekt dəstəkli yeniliklər gəlir
Meta, Messenger üçün də genişmiqyaslı yenilənmə planlaşdırır. Platformaya əlavə edilən yeni funksiyalar xüsusilə videozənglərin keyfiyyətini artırmağa yönəlib. Süni intellekt dəstəkli virtual fonlar sayəsində istifadəçilər videozənglər zamanı istədikləri mühiti yarada biləcəklər. Bununla yanaşı, HD görüntülü zənglər, fon səs-küyünün azaldılması və səs izolyasiyası kimi xüsusiyyətlər Messenger-i daha funksional edəcək. İstifadəçilər, həmçinin cavabsız zənglər üçün səsli və ya görüntülü mesaj buraxa biləcəklər.
Siri inteqrasiyası diqqət çəkən yeniliklərdən biridir. iOS istifadəçiləri artıq “Hey Siri, Messenger-də mesaj göndər” kimi əmrlərlə tətbiq üzərindən mesajlarını idarə edə biləcəklər. Bu xüsusiyyət, xüsusilə əlləri məşğul olan istifadəçilər üçün rahatlıq yaradaraq Messenger-i daha əlçatan edəcək.
WhatsApp-dan sonra Messenger-ə də “İcma” funksiyası gəlir
Meta-nın ən böyük mesajlaşma platforması olan WhatsApp-da böyük maraq qazanan “İcma” funksiyası indi Messenger-ə də gətirilir. Bu xüsusiyyət xüsusilə təşkilatlar, markalar və böyük qruplar üçün kommunikasiya prosesini daha effektiv hala gətirməyi hədəfləyir. İstifadəçilər müəyyən mövzular ətrafında icmalar yarada və daha strukturlaşmış söhbət mühiti əldə edə biləcəklər.
Facebook-un geri dönüşü: Strategiya nədir?
Meta, Facebook-un əvvəlki təsirini geri qaytarmaq üçün genişmiqyaslı strategiya hazırlayır. Şirkət platformanı sadəcə bir sosial media vasitəsi kimi deyil, mədəni baxımdan güclü və istifadəçilər üçün mənalı bir rəqəmsal məkan kimi mövqeləndirməyi planlaşdırır. Zukerberqin sözlərinə görə, bu dəyişikliklər qısamüddətli dövrdə xərcli ola bilər, lakin uzunmüddətli perspektivdə Facebook-un yenidən sosial medianın mərkəzinə çevrilməsi üçün kritik addım hesab olunur.
Meta-nın bu strategiyası Facebook-un müasir sosial media dünyasındakı yerini necə yenidən müəyyən edəcəyini göstərəcək. Lakin əsas sual budur: İstifadəçilər bu dəyişikliklərə həqiqətən də geri dönməyə dəyər deyəcəklərmi?
Bir cavab yazın