
Microsoft-dan yeni AI modeli: Phi-4
Microsoft, yeni süni intellekt modeli Phi-4-ü təqdim etdi. Phi-4, cəmi 14 milyard parametr üzərində işləyir. Xüsusilə riyazi problemlərin həllində seçilən bu model, Google-un Gemini Pro 1.5 və OpenAI-ın GPT-4o kimi daha böyük modellərinə qarşı təsirli bir performans sərgiləyir.
Süni intellekt sənayesində uzun müddətdir ki, böyük modellərin üstünlük təşkil etdiyi yanaşma hakimdir. Ancaq Phi-4 daha az resurs istifadə edərək effektiv nəticələr əldə etməyin mümkün olduğunu göstərir. Microsoft, Phi-4-ün uğurunu yüksək keyfiyyətli sintetik məlumat bazasına və insan tərəfindən yaradılmış məzmunla zənginləşdirilmiş təlim prosesinə bağlayır. Bundan əlavə, sonrakı mərhələdə tətbiq edilən post-təlim yeniliklərinin modelin performansını daha da artırdığı bildirilir.
Riyaziyyat sahəsində yüksək performans nümayiş etdirir:
Phi-4, Amerika Riyaziyyat Müsabiqələri (AMC) kimi standart testlərdə əhəmiyyətli nəticələr əldə edərək həm kiçik, həm də böyük modellərlə rəqabət apara biləcəyini sübut edir. Bu uğur onun elmi tədqiqat, mühəndislik və maliyyə modelləşdirilməsi kimi riyazi dəqiqliyin kritik əhəmiyyət daşıdığı sahələrdə istifadə edilə biləcəyini göstərir.

Ənənəvi böyük dil modelləri yüksək hesablama gücü və enerji sərfiyyatı tələb etdiyi üçün şirkətlər üçün böyük maliyyət yaradır. Lakin Phi-4 çox daha az resursla işlədiyi üçün orta ölçülü bizneslər və məhdud büdcəyə malik qurumlar üçün süni intellekt həllərini daha əlçatan edir.
Microsoft, Phi-4-ün istifadəsini ilkin mərhələdə Azure AI Foundry platformasında araşdırma lisenziyası çərçivəsində məhdud girişlə təqdim edir. Bu nəzarətli yanaşma modelin təhlükəsiz və etik şəkildə inkişaf etdirilməsinə fokuslanır. İnkişaf etdiricilər platforma vasitəsilə keyfiyyət qiymətləndirmə alətlərinə, məzmun filtrasiya funksiyalarına və real vaxt təhlükəsizlik nəzarət sistemlərinə çıxış əldə edə bilirlər.
Microsoft-un Phi-4 modeli, böyük modellərin yerini tuta biləcək daha səmərəli və iqtisadi yanaşma təqdim edir. Kiçik modellərin artan gücü, süni intellekt texnologiyalarının həm böyük, həm də kiçik miqyaslı müəssisələr üçün daha əlçatan olmasına şərait yarada bilər.
Phi-4-un gələn həftə Hugging Face platforması vasitəsilə daha geniş istifadə üçün əlçatan olacağı gözlənilir.
Bir cavab yazın